«Azadlıq» qəzetinin əməkdaşları etiraz aksiya keçiriblər

«Azadlıq» qəzetinin əməkdaşları

İyulun 22-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» firmasının qarşısında etiraz aksiyası keçirib. Qəzetin redaktoru Rövşən Hacıyevin sözlərinə görə, aksiyanın məqsədi firmanın qəzetə olan borcunu müxtəlif bəhanələrlə verməməsidir:

«Yenə yığışdıq, getdik aksiya keçirdik. Yenə firmanın rəhbərliyi gəldi, dedi ki, ilin sonuna kimi möhlət verin, hissə-hissə qaytararıq. Hər dəfə eyni sözləri deyirlər, ancaq borcu qaytarmırlar. 70 min manat borcları var. Bu pulları ala bilmirik deyə, redaksiyada ciddi problemlər yaranıb. Bizim də borclarımız var. Nəşriyyata olan borcumuzu qaytara, aprel ayından bəri əməkdaşların maaşlarını verə bilmirik. Vəziyyət çox ağırdır».

Aksiyaya polis müdaxilə etməyib. «Azadlıq» qəzetinin əməkdaşları bundan əvvəl də yaranmış borcla bağlı bir neçə dəfə «Qasid» firmasının qarşısında etiraz aksiyası keçiriblər.