Prezidentə müraciət olundu

QHT rəhbəri Həsən Hüseynli

Bir neçə hüquq müdafiəçisi Gəncədə fəaliyyət göstərən QHT rəhbəri Həsən Hüseynli ilə bağlı prezidentə müraciət edib.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət BənənyarlıƏvəz Həsənovun imzaladığı müraciətdə prezident İlham Əliyevdən xahiş olunur ki, Həsən Hüseynlinin əsassız ittihamlarla həbs olunmasına imkan verməsin.

Müraciət müəllifləri bildirirlər ki, Həsən Hüseynlinin son 15 il ərzində Gəncə şəhərində maarifçilik tədbirlərinin həyata keçirilməsində, istər dövlət strukturları, istərsə də beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında onlarla savadlı gəncin iş tapıb çalışmasında və onların təhsilinin dünyanın bir çox tanınmış universitetlərində davam etdirməsində danılmaz rolu olub.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynli 2014-cü il martın 31-də həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda təqsirləndirilərək 48 saat Gəncə Şəhər Baş Polis İdarəsində saxlanıb. Müddət bitəndən sonra o, müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Gəncənin Nizami Rayon Məhkəməsində gedən prosesdə prokuror Həsən Hüseynliyə 7 il həbs verilməsini istəyib.

Həsən Hüseynli heç kimə xəsarət yetirmədiyini, ona böhtan atıldığını bildirir.