Rauf Mirqədirov atasının 40 mərasiminə buraxılmayıb

Jurnalist Rauf Mirqədirov

Həbsdə olan jurnalist Rauf Mirqədirov atasının 40 mərasiminə buraxılmayıb. Vəkil Elmar Süleymanovun AzadlıqRadiosuna bildirdiyinə görə, jurnalistin mərasimə buraxılması üçün bir neçə dəfə müvafiq dövlət orqanlarına müraciət edilib:

«İyunun 25-də müstəntiq İbrahim Ləmbəranskiyə, Baş Prokurorluq və MTN-ə 5 məktub göndərdik. İyunun 30-da həmin orqanlara daha 5 məktub göndərdik. Bu haqda müstəntiqlə bir neçə dəfə danışığımız da olub. Güman edirdik ki, buraxacaqlar. İndi İ. Ləmbəranski bizə deyir ki, sizin məktublar ünvanına çatmayıb. Necə ola bilər ki, 10 məktubdan heç biri gedib çatmasın? Yenə də ümidimizi üzmürük. Ümid edirik ki, günün sonuna kimi buraxarlar».

Jurnalistin atası, 84 yaşlı Həbibula Mirqədirov mayın 24-də evində axtarış aparıldığı günün ertəsi vəfat etmişdi. Həmin vaxt Rauf Mirqədirova atasının dəfn və yas mərasimində iştirak etməsi üçün 3 gün icazə verilmişdi.

«Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. Həmin gün aeroportda həbs olunub. O Ermənistanın xeyrinə casusluqda ittiham olunur.

Aprelin 21-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Jurnalist ittihamları təkzib edir.