Nizami Gəncəvi adına «Qızıl medal» təsis edildi

Nizami medalı

-

Prezident İlham Əliyev Nizami Gəncəvi adına Qızıl medal təsis edib.

Nizami Gəncəvi adına Qızıl medalla Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif ediləcəklər.

Medal diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.