Azərbaycanlı hüquq müdafiəçisinin buraxılması xahiş olunur

Human Rights Watch hüquq-müdafiə təşkilatının tədqiqatçısı Giorgi Gogia

-

«Üç il öncə Azərbaycanın tanınmış insan haqları müdafiəçisi Anar Məmmədli ilə birlikdə burada idik. Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olurdu. Kiçik bir qrup fəalla birlikdə biz parlamentariləri çağırırdıq ki, hökumətə axtardığı nüfuzu verməsinlər, əksinə ölkədə pisləşən insan haqları durumuna görə çağırış etsinlər».

«AĞLIMA GƏLMƏZDİ Kİ...»

Bunu Human Rights Watch hüquq-müdafiə təşkilatının tədqiqatçısı Giorgi Gogia yazır. Onun qeyd etdiyinə görə, Anar Məmmədli yorulmadan çalışır, avropalı siyasətçilərlə görüşlərində Azərbaycanın öhdəliklərinə əməl etmədiyini vurğulayırdı.

«O vaxt ağlıma gəlməzdi ki, zaman gələcək, mən eyni görüşləri onun üçün keçirməli olacam. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxış edir. Bu gün Avropa Şurası bir səslə danışmalı, Anarın və onun kimi siyasi ittihamlarla həbs olunmuş bir çoxlarının buraxılmasının vacibliyini vurğulamalıdır,» Gogia yazır.

SEÇKİ SAXTAKARLIQLARININ İFŞASI

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 5 il 6 ay, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edib. Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. Onlar qanunsuz sahibkarlıqda, külli miqdarda mənimsəmə və israf etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

«Anar Məmmədlinin rəhbərlik etdiyi qurum 2001-ci ildən bəri seçki saxtakarlıqlarını ifşa etməklə məşğul olub,» Gogia qeyd edir.

Amnesty International onu vicdan məhbusu elan edib. Beynəlxalq hüquq-müdafiə qurumları Azərbaycanı hüquq müdafiəçisinə qarşı ittihamları ləğv etməyə çağırıb.