BMT deyir ki, Ukraynada yüzlərlə adam öldürülüb və saxlanıb

Ukrayna

-
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirir ki, Ukraynanın separatçıların nəzarətində olan şərqində oğurlama halları, qanunsuz həbslər, işgəncə və qətllərə dair sübutların sayı artır.

İyunun 18-də yaydığı hesabatda qurum Rusiyanın ilhaq etdiyi Krımda «narahatlıq doğuran cərəyanlar» barədə danışır. Sənəd 7 may - 7 iyun tarixlərini əhatələyir, BMT-nin Ukraynaya martda göndərilmiş İnsan Hüquqları Missiyasının hazırladığı artıq üçüncü sənəddir.

Hesabatda vurğulanır ki, ukraynayönlü mövqe ilə tanınan Krım sakinləri qorxudulur, onların liderləri təqibə məruz qalır, mədəni hüquqları məhdudlaşdırılır.

BMT bildirir ki, Ukrayna apreldə separatçılara qarşı əməliyyata başlayandan azı 356 nəfər öldürülüb. Onlardan 86-sı Ukrayna əsgərləridir.