Biden İraq liderlərini birliyə çağırır

ABŞ vitse-prezidenti Joe Biden


ABŞ vitse-prezidenti Joe Biden İraqın əsas liderləri ilə danışıb, onları İraq və Şam İslam Dövləti əleyhinə birliyə çağırıb. Biden aprelin 30-da keçirilmiş milli seçkilərdən sonra bütün tərəflərin iştirakı ilə hökumət formalaşdırmağın vacibliyi vurğulayıb.

Ağ Evin məlumatına görə, Biden İraqın baş naziri Nuri al-Maliki, eləcə də onun sünni rəqibi, parlamentin spikeri Osama al-Nujaifi və İraqın Kürdüstan regionunun prezidenti Masoud Barzani ilə danışıb.

ABŞ Prezidenti Barack Obama iyunun 18-də Konqres liderlərini İraqa dair görülən işlərlə bağlı məlumatlandırıb. Məqsəd İraq liderlərinin «məzhəb gündəmlərini kənara qoyması», eləcə də təhlükəsizlik yardımının artırılmasıdır.

İraq Birləşmiş Ştatlardan sünni yaraqlılarla mübarizə üçün hava dəstəyi istəyib. İraqın xarici işlər naziri Hoshyar Zebari deyib ki, İŞİD-i «mənəvi baxımdan sarsıtmaq üçün» Bağdad hava hücumları barədə xahiş edib.