Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq

Rauf Mirqədirov


İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq.

Şikayət Nəsimi rayon məhkəməsinin qərarından verilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov məlumat verib.

Nəsimi rayon məhkəməsi R. Mirqədirovun hüquqlarının müdafiəsi məqsədilə türkiyəli vəkillərə etibarnamənin verilməsi üçün jurnalistin yanına notariusun buraxılması ilə bağlı şikayəti təmin etməmişdi.

Müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin heyətinə də etirazla çıxış etmək istəyir. Çünki həmin hakimlər R. Mirqədirovun qanunsuz həbsi ilə bağlı şikayəti təmin etməyiblər.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bundan sonra həbs edilib. O Ermənistanın xeyrinə casusluqda ittiham olunur. Jurnalist ittihamı qəbul etmir.