Rusiyanın Ukrayna üçün qoyduğu vaxt bitdi

-
Ukraynanın qaz borcunu ödəməsi üçün Rusiyanın qoyduğu vaxt Bakı vaxtı ilə səhər 11-də bitib. Ukrayna ya borcunu ödəməli idi, ya da qazı kəsiləcəkdi. Bir gün əvvəl Kiyevdə keçirilən danışıqlar nəticəsiz bitib.

Qazpromun iyunun 16-da yaydığı bəyanatda deyilir ki, Kiyev bundan sonra qaz üçün öncədən ödəniş etməlidir. Bəyanatda o da bildirilir ki, iyun təchizatı üçün ödəniş olunmayıb, yəni təchizat kəsilə bilər.

Prezident Vladimir Putin öncə demişdi ki, Kiyev iyunun 16-dək 1.95 milyard dollarlıq borcunu ödəməsə, qaz kəsiləcək.

Avropa Komissiyası da iyunun 16-da bəyanat yayıb. Bəyanata görə, AB Enerji Komissarı Gunther Oettinger plan hazırlayıbmış. Həmin plana uyğun olaraq, Kiyev iyunun 16-dək borcunun 1 milyardını ödəyir, qalanı isə bu ilin sonunadək ödənilir.

AB planından qazın min kubmetri üçün «qış» qiyməti 385, «yay» qiyməti 300 dollar nəzərdə tutulub.

Putin son təklifinin 385 dollar olduğunu deyib.