Budapeştdə Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib

-
Azərbaycanın Macarıstandakı Səfirliyi və Budapeştdə fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Səfirliyinin böyük zalında Azərbaycan - Cənubi Koreya musiqi gecəsi keçirilib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Gecədə Norveçin Grig Musiqi Akademiyasında təhsil alan gənc Azərbaycan
musiqiçiləri Humay QasımzadəJalə Əliyeva Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun, gənc bəstəçi Türkər Qasımzadənin, eləcə də tanınmış Cənubi Koreya bəstəkarı İsang Yunun əsərlərini ifa ediblər.

Qonaqları salamlayan səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin - Azərbaycan, Cənubi Koreya, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirib, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini qeyd edib.

Konsertdə Koreya Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Gvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Cənubi Koreya Mədəniyyət mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak ediblər.

Xəbərdə vurğulanır ki, Azərbaycanın gənc musiqiçilərinin yüksək ifaçılıq məharəti konsert iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə alqışlanıb.