Pakistanda aeroporta hücum edənlərə qarşı əməliyyatda 26 nəfər ölüb [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Karaçi aeroportuna silahlı hücum

-
Pakistan rəsmiləri bildirir ki, ölkənin ən sıx aeroportuna- Karaçi aeroportuna hücum edən yaraqlılara qarşı hərbi əməliyyat iyunun 9-da səhər tezdən başa çatıb, azı 26 nəfər ölüb. İyunun 8-də gecəyarısı aeroporta hücumda iki mülki şəxs və 11 əməkdaş öldürülmüşdü.

Hücumu 10 yaraqlı həyata keçirib, onlardan hamısı öldürülüb. Hakimiyyət bildirir ki, hücumçular təhlükəsizlik əməkdaşlarının formasını və intiharçı jileti geyiniblər.

Rəsmilər hücumçulardan bəzilərinin etnik özbəklər olduğunu deyir.

TALİBAN AZADLIQ RADİOSUNA ZƏNG EDİB

AzadlıqRadiosuna zəng edən Pakistan Talibanı – Tehrik-e-Taliban Pakistan (TTP)– hücuma görə məsuliyyəti üzərinə götürüb və bunun ötən il TTP lideri Hakimullah Masud-un ölümünə cavab olduğunu deyib.

Yaraqlılar köhnə terminalına hücum çəkərək təhlükəsizlik işçilərinə AK-47 avtomatından atəş açıb. Hazırda yük terminalı və VİP-lərin tranziti üçün istifadə olunan həmin ərazi hücum vaxtı boş olub.

İçində sərnişinlər olan bəzi təyyarələr endirilib. Ancaq başqa təyyarələrə hücum barədə məlumatlar təkzib olunub.

TƏYYARƏYƏ KOMANDOSLAR MİNİB

Birləşmiş Əmirliklərə məxsus təyyarədə olan Syed Saim Rizvi Twitter-də yazıb ki, döyüş vaxtı endirilən təyyarəyə Pakistan komandosları minib.

Rizvi-nin sözlərinə görə, təyyarədə olanlar yaxınlıqda partlayış səsləri eşidib, çaxnaşma yaranıb.

Rəsmilər həmin partlayışların intiharçıların partlayan jiletlərinin səsi olduğunu deyib.
Pakistanın cənub-qərbində isə intiharçılar 23 şiə müsəlmanı öldürüblər. Onlar İrana ziyarətdən qayıdırmışlar. Ancaq bununla Karaçi aeroportuna hücum arasında əlaqənin olub-olmadığı bəlli deyil.