Çeşid-çeşid məhbuslar


«Azərbaycanda artıq siyasi məhbuslar ad və soyada görə yox, «həbs əməli»nə görə çeşidlənirlər. Ölkədə «evrovision», «hicab», «like», «facebook» çeşidli siyasi məhbuslar var».

Bunu iyunun 4-də Azərbaycanda siyasi məhbus problemi ilə bağlı keçirilən konfransda «Siyasi Məhbuslarsız Azərbaycan» Alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.

Konfransda son vaxtlar repressiyaların gücləndiyi, ictimai fəallıq göstərən şəxslərin kütləvi şəkildə həbsə alındığı, təqib və təzyiqlərə məruz qaldığı bildirilib. Nümunə kimi NİDA-çıların, bloqqerlərin, Rauf Mirqədirovun, QHT rəhbəri Emil Məmmədovun həbsi, hüquq müdafiəçisi Lelya Yunus və həyat yoldaşı Arif Yunusun, QHT rəhbəri Mətanət Əzizovanın təqiblərə məruz qalması göstərilib. QHT rəhbəri Anar Məmmədli və Bəşir Süleymanlının həbslərinin əsassız olduğunu vurğulanıb.

Oqtay Gülalıyev deyib ki, əfv fərmanları siyasi məhbus problemini həll etmir, imitasiya xarakteri daşıyır.

Müstəqil hüquq müdafiəçiləri Azərbaycanda 130-dan çox siyasi məhbusun olduğunu, Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivlərlə heç kimin həbs olunmadığını bildirir.