«Siyasi məhbuslarsız Avropa yolunda»


İyunun 2-də Berlində «Siyasi məhbuslarsız Avropa yolunda» adlı konfrans təşkil olunur. Konfransın təşkilatçısı qismində hazırda Almaniyanın insan haqları üzrə müvəkkili olan Christoph Straesser-lə yanaşı Azərbaycanla bağlı «kürü diplomatiyası» hesabatının müəllifi olan Avropa Sabitlik Təşəbbüsü (ESİ) çıxış edir.

Konfrans iyunun 2-də Bakı vaxtıyla axşam 7-də başlayır. İyunun 3-də Berlindəki İsveç səfirliyində üç qapalı sessiya keçiriləcək:

«Avropa Şurasının və Avropa Birliyinin üzvləri və siyasi məhbuslar – onlar nə edə bilərlər?», «Avropa Şurasının və Avropa Birliyinin müəssisələri və siyasi məhbuslar – onlar nə edə bilərlər?» və «İctimaiyyət və vətəndaş cəmiyyətinin rolu – daha səmərəli olmaq üçün nə etməli?»

Konfransa avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri dəvət olunub. Onlar Avropa Şurası, Avropa İttifaqı və beynəlxalq insan haqları təşkilatlarının Avropada siyasi məhbuslar problemini yaxın vaxtlarda necə aradan qaldıra biləcəklərinə dair müzakirələr aparacaqlar.

Konfransda məruzəçilər sırasında AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl, Norveç Helsinki Komitəsinin baş katibi Bjørn Engesland, Almaniya federal hökumətin insan haqları siyasəti və humanitar yardım üzrə keçmiş komissarı (ombudsman) Markus Löning, İrlandiyadan deputat Michael McNamara, Berlində yaşayan bloqqer, «Meydan» TV-nin rəhbəri Emin Milli, Rusiyada istintaq təcridxanasında öldürülən vəkil Sergey Maqnitskinin işlədiyi «Hermitage Capital» investisiya fondunun baş direktoru, ABŞ-da Rusiyaya qarşı «Maqnitski aktı»nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Browder və digərləridir.