Böyük Britaniya Avropa Birliyindən çıxa bilər

Britaniyanın baş naziri David Cameron


Britaniyanın baş naziri David Cameron deyir ki, Luksemburqun keçmiş baş naziri Jean-Claude Juncker Avropa Komissiyasının növbəti prezidenti olarsa, ölkəsi Avropa Birliyindən çıxa bilər.

Bu barədə Almaniyada çıxan «Der Spiegel» jurnalı yazıb. Cameron-un sözlərinə görə, Juncker komissiya rəhbəri seçilsə, Britaniyanın AB-də qalacağına zəmanət vermir. Cameron deyib:

«1980ci illərin sifəti növbəti beş ildə problemləri həll edə bilməz».

«Der Spiegel» yazır ki, Cameron Juncker aşırı federalist sayır və onun təyinatı Britaniyada AB üzvlüyünə dair referendum planını sürətləndirə bilər.

Almaniyanın kansleri Angela Merkel, Juncker-in həmin posta namizədliyini dəstəkləyir. Merkel və Juncker-in partiyaları sağ mərkəzçi Avropa Xalq Partiyasının üzvləridir. Bu siyasi blok ötən həftə Avropa Parlamentinə seçkilərdə üstünlük qazanıb.