ABŞ səfirliyi Anar Məmmədliyə görə bəyanat verdi

Anar Məmmədli

-
“Bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir”.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin məhkəməsinin nəticəsinə dair yaydığı bəyanatda belə deyir.

Bəyanatda bildirilir ki, mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə kimi çox şübhəli ittihamlarla ittiham edərək ona beş il yarım azadlıqdan məhrumetmə cəzası kəsib.

“SMDT-nin icraçı drektoru və tərəfdaş QHT-nin rəhbərinə də bu kimi ittihamlarla hökm oxunub.

Biz Azərbaycanın əsas tərəfdaşı olaraq inanırıq ki, ölkənin gələcək sabitliyi və inkişafı üçün ən doğru addım daha açıq cəmiyyətə imkan yaratmaq olardı”.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib, digər təqsirləndirilən Elnur Məmmədova 2 il şərti cəza verilib. Bəşir Süleymanlı məhkəmə zalında həbs edilib.

Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.