​ATƏT müşahidəçilərini yaraqlılar saxlayıb



Bu həftənin əvvəlində itkin düşən dörd ATƏT müşahidəçini rusiyayönlü yaraqlılar tutub. Bu barədə özünü Ukraynanın şərqi Slovyansk şəhərinin meri elan etmiş Vyacheslav Ponomaryov bildirib.

İnterfaks Ponomaryov-a istinadla xəbər verir ki, özlərini «yaxşı» hiss edirlər və «həddən artıq canfəşanlıq» etdikləri üçün saxlanıblar.

Mayın 28-də yaydığı bəyanatda ATƏT rəhbəri Didier Burkhalter bu saxlanmanı «dözülməsi mümkün olmayan təxribat aktları» adlandırıb. O, müşahidəçilərin dərhal və şərtsiz buraxılmasına çağırıb.

ATƏT-in 11 müşahidəçisinin ikinci qrupu mayın 28-də Donetskdə saxlanıb, ancaq ATƏT sonradan onlarla əlaqə yarada bildiyini bəyan edib.

Aprelin sonunda Ukraynanın şərqində ATƏT-in yeddi müşahidəçisi oğurlanıb və mayın əvvəlində buraxılıb.