Axundzadəyə həsr olunmuş biblioqrafik göstərici nəşr olunub

Mirzə Fətəli Axundzadə

-

AMEA-nın Mərkəzi Elmi Kitabxanası M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstəricini nəşrə hazırlayıb.

AMEA-nın yaydığı xəbərə görə, bu qurumun Mərkəzi Elmi Kitabxanası 1964-cü ildən bəri “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən 300-ə yaxın şəxsi biblioqrafik göstərici hazırlayıb.

Növbəti biblioqrafik göstərici Mirzə Fətəli Axundzadəyə həsr olunub.

Yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov, redaktoru isə filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyevdir.

Göstəricidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin M. F.Axundzadəyə həsr olunmuş “Böyük mütəfəkkir” adlı məqaləsində onun həyat və fəaliyyəti geniş yer alıb.

Nəşrdə təqdim olunmuş materiallar bir neçə bölmədə qruplaşdırılıb.

M.F.Axundzadənin həyat və yaradıcılığının əsas məqamları, xatirələri, öz əsərləri və haqqında yazılan materiallar müvafiq bölmələrdə xronoloji şəkildə yerləşdirilib.

M.F.Axundzadənin xarici dillərdə nəşr olunmuş əsərləri və böyük mütəfəkkirə həsr olunmuş yazılar da ayrı-ayrı bölmələrdə təqdim olunub.

Xəbərdə vurğulanır ki, biblioqrafik göstərici “Böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin qeyd edilməsi haqqında” 3 aprel 2010-cu il tarixli Prezident Sərəncamına əsasən çıxıb.