Nahid Cavadovun döyülməsi ilə bağlı cinayət işi başlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

-
«7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcuddur. Fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinə tapşırılıb».

Mayın 24-də Baş Prokurorluq və Təhsil Nazirliyinin yaydığı birgə məlumatda belə deyilir.

Məlumatda deyilir ki, ilkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alması qənaətinə gəlinib:

«Lakin mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildiriblər».

Məlumatda deyilir ki, hazırda N.Cavadovun döyülüb-döyülməməsinin müəyyənləşdirilməsi məqsədi ilə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sosial şəbəkələrdə Suraxanıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində müəllimin Nahid Cavadovu dəyənəklə döyməsi barədə məlumat yayılıb. Rəsmi qurumlar məlumat yayaraq şagirdin məktəbin sanitar qovşağında sürüşərək yıxıldığını, alın nahiyəsindən zədə aldığını bildiriblər. Sonradan isə «Youtube»da Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.