Dövlət Neft Fondunun büdcə gəliri artıb


Bu ilin ilk üç ayı ərzində Azərbaycan Dövlət Neft Fondunun büdcə gəliri 3 milyard manatdan, büdcə xərcləri isə 2 milyard manatdan çox olub.

Mayın 20-də Neft Fondunun yaydığı məlumata görə, 2014-cü ilin yanvar-mart aylarında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard manatı ötüb.


Neft Fondu 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 milyon manat vəsaiti dövlət büdcəsinə transfer edib.

Fond bildirir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manat vəsait ayrılıb.

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 5,1 milyon manat yönəldilib ayrılmışdır.

3,0 milyon manat vəsait isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə ayrılıb.

Bu ilin birinci rübündə Neft Fondunun idarə edilməsi üçün 16,9 milyon manta xərclənib.