Yevda Avramov: "Azərbaycanda antisemitizm yoxdur"

Arxiv foto

-

«Mən Azərbaycanda nəinki 37 faiz, heç 10 faiz də antisemitizm görməmişəm. Bu təşkilatlar necə istəyir yazır. Biz bunların necə işlədiklərini, kimlər üçün işlədiklərini xaricdə də görmüşük. Azərbaycanda təkcə müstəqillik əldə etdikdən sonra yox, sovetlər dönəmində antisemitimz hərəkətləri olmayıb. Bunlar istədikləri rəqəmləri yazırlar. Bu ölkələrə təsir etmək siyasətidir».


Yevda Abramov

Bunu AzadlıqRadiosuna Milli Məclisin deputatı Yevda Avramov Anti-Defamasiya Liqasının (Anti-Defamation League - ADL) dünyada antisemitizm, və ya yəhudilərə qarşı yönəlmiş münasibəti araşdıran rəy sorğusuna münasibət bildirərkən deyib.

Həmin sorğuda göstərilir ki, Azərbaycan üçün anti-semitizmin faizi 37 olub. Bu, Gürcüstanda olduğundan (32%) çox, Ermənistanda olduğundan (58%) azdır.

«DÜZDÜR O, ALLAHSIZ SOVET İTTİFAQINDA BELƏ ŞEYLƏR OLUB, ANCAQ... »

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxilov da Azərbaycanda antisemitizmlə qarşılaşmadıqlarını bildirir:

«Düzdür o, Allahsız Sovet İttifaqında belə şeylər olub. Ancaq Azərbaycanda heç vaxt belə şey olmayıb. Biz belə şeyləri araşdırırıq, heç vaxt görməmişik də, eşitməmişik də. Azərbaycanda yüksək tolerantlıq var, antisemitizm yoxdur. Burda heç vaxt antisemitizm olmayıb. Azərbaycan xalqının xarakteri belədir, tolerant xalqdır.

Qonşuya dost, yaxın adam kimi yanaşırlar. 37 faiz, bilmirəm nə qədər deyənlər bunu necə müəyyənləşdirib? Bu, doğru deyil. Mənim iki qohumumun həyat yoldaşı azərbaycanlıdır. Burda antisemitizm ola bilərmi? Allah eləsin ki, belə də davam eləsin».

Rəsmi statistikaya görə, Azərbaycanda 20 mindən çox yəhudi yaşayır. Ölkə üzrə 5 sinaqoq fəaliyyət göstərir. Yəhudilərin sıx yaşadığı Qubada iudaizmi öyrədən məktəb, Bakıda yəhudi məktəbi, uşaq bağçası, Bakı Dövlət Universitetində ivrit dili fakültəsi fəaliyyət göstərir.