Keçmiş AXCP üzvü Daşqın Məlikov azadlığa buraxılıb

Daşqın Məlikov

-
Ötən ilin martında həbs olunan Sumqayıtdan olan gənc fəal Daşqın Məlikov mayın 8-də azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Daşqın Məlikovun atası Əlisafa Məlikov məlumat verib. O, bildirib ki, oğlu xəstəliyi ilə bağlı (Daşqın Məlikov asma xəstəsidir) azadlığa çıxmasına 1 il 5 ay qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Narkotik maddə saxlamaqda ittiham olunan gənc fəal Daşqın Məlikov Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamları qəbul etmirdi. Həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirən Daşqın Məlikov bir müddət sonra həbsxanadan bəyanat yayaraq AXCP-dən istefa verdiyini və hakim Yeni Azərbaycan Partiyasına keçdiyini bildirmişdi.

Azadlığa çıxdıqdan sonra Daşqın Məlikov Heydər Əliyevin məzarını ziyarət edib.