​Strasburq məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə qərarı açıqlayacaq


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 22-də REAL hərəkatının lideri İlqar Məmmədovun şikayəti üzrə qərarı elan edəcək. İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs olunub. Bu barədə Turan-a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Şikayət 2013-cü ilin aprelində prioritet qaydada baxılmaq üçün qəbul olunub. Şikayətdə İ.Məmmədovun Avropa Konvensiyasının 5-ci b ( azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13-cü (effektiv müdafiə vasitəsi hüququ), 14-cü (siyasi mənsubiyyətə gör diskriminasiyanın qadağan olunması) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulur.

“Turan” AİHM-in qərarının İ.Məmmədovun xeyrinə ola biləcəyi yazır. Çünki AİHM bu işə böyük diqqət yetirir və onu prioritet qaydada, yəni növbədənkənar baxılmaq üçün qəbul edib.

İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı 7 il azadlıqdan məhrum edilib. Apelyasiya və ya Ali Məhkəmə İ.Məmmədova bəraət verməsə müdafiə tərəfi hökm üzrə AİHM-ə şikayət verəcək.

Amnesty International beynəlxalq təşkilatı İ.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.