Ramiz Rövşənə Türk mükafatı

Ramiz RÖVŞƏN

-

Şair Ramiz Rövşən Türk xalqlarının ortaq mədəniyyət mükafatına layiq görülüb.

“Türk dünyası mədəniyyət paytaxtı” proqramının 2013-cü il qalibi seçilən Əskişəhərdə ilboyu həyata keçirilən silsilə tədbirlər yekun proqramla başa çatdırılıb.

Bu çərçivədə türk dünyasının tanınmış şəxsiyyətlərinə “Türk dünyası elm, mədəniyyət və sənət mükafatları” verilib.

Mükafata Azərbaycandan şair Ramiz Rövşən layiq görülüb.

“Media forum” saytının məlumatına görə, türk coğrafiyasının müxtəlif yerlərindən gəlmiş elm, mədəniyyət adamlarına və ictimai xadimlərə mükafatları Türkiyənin təhsil naziri Nəbi Avcı və Əskişəhər valisi Güngör Əzim Tuna təqdim edib.

Təntənəli konsert və şənliyin ardından “mədəniyyət paytaxtı” estafeti Tatarıstanın mədəniyyət nazirinə ötürülüb.

“Türk dünyası mədəniyyət paytaxtı” proqramı türkdilli dövlətlərin 2010-cu il sammitinin (İstanbul) qərarı ilə gerçəkləşdirilir.

Məqsəd YUNESKO-nun “Qeyri-maddi mədəniyyət irsi” müqaviləsi çərçivəsində türk dövlət və xalqlarının ortaq dil, din, tarix və mədəniyyətini, adət və ənənələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə miras qoymaqdır.