Müsavat başqanı müavinlərinə Krıma getməyə icazə verilməyib

sərhəd

-
«Yeni Müsavat»ın reportyoru Emil Salamoğlunun Musavat.com-a verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar.
****

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, «məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin» deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: «Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar».

Hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

Musavat.com bildirir ki, «Yeni Müsavat»ın reportyoru Emil Salamoğlu da Müsavat başqanının müavinləri ilə birlikdə Krıma gedir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.