Azərbaycan rəssamı Amerika qəzetinin "Top 7" siyahısında

Cavad Mircavadov. Mafiozi

-

Amerikanın nüfuzlu qəzetlərindən olan “Huffington Post” “Tanımalı olduğunuz 7 rus və şərqi Avropa rəssamı” adlı məqalə dərc edib.

Qəzet tərtib etdiyi 7 nəfərlik siyahıya Azərbaycan rəssamı Cavad Mircavadovu (1923-1992) da daxil edib və onun “Məkkə ziyarəti” rəsmini dərc edib (Rəsm ötən ilin sonunda məşhur Sotheby's hərracında 92 500 funt sterlinqə satılıb).

Qəzetin regionun ünlü rəssamlarına diqqət yönəltməsinin səbəbi isə İngiltərənin Sotheby's hərracında Şərqi Avropa rəssamlarının əsərlərinə marağın artması ilə bağlıdır.

Məqalədə deyilir ki, sözügedən bölgədən olan kolleksionerlər artıq hərraclara ciblərində daha çox pul gəlirlər. Məsələn, ötən il onların təkcə müasir incəsənət nümunələrinə xərclədiyi pulun məbləği 45 faiz artıb.

Rəqəmlərin artdığını görən Sotheby's hərracı qərara gəlib ki, İLK DƏFƏ OLARAQ Rusiya və Şərqi Avropa regionundan olan çağdaş rəssamların əsərlərindən ibarət məxsusi satış təşkil etsin.

Hərracda 100-dən çox Rusiya, Ukrayna, macar, çex, polyak, Gürcüstan, Azərbaycan və b. ölkə rəssamlarının əsəri satışa çıxarılıb.

Sotheby's bu hərracdan təxminən 4 milyon dollar pul qazanıb.

Sotheby's-in departament müdiri Jo Vickery deyib ki, Şərqi Avropa və MDB ölkələrində rəssamlıq istedadı baxımından çox böyük potensial var və bu potensiala hələ də beynəlxalq səviyyədə layiq olduğu diqqət göstərilmir.