«Ağa Məhəmməd şah Qacar» dramı Naxçıvanda tamaşaya qoyuldu

Arxiv foto

-
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturq Əli Əmirlinin «Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar» tarixi dramı əsasında hazırlanmış «Ağa Məhəmməd şah Qacar» tamaşasının premyerası olub.
Yazıçının AzadlıqRadiosuna verdiyi xəbərə görə, yüz əlli illik Qacariyyə sülaləsinin təməlini qoymuş Ağa Məhəmməd şah Qacarın dramatik taleyindən bəhs edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, qurluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Naxçıvan səhnəsində Ağa Məhəmməd şah Qacar rolunda Muxtar Respublikanın əməkdar artisti Səməd Canbaxşıyev çıxış edib. Qalan rollarda Xalq artistləri Yasəmən Ramazanova (Ceyran xanım), Rza Xudiyev (Cəfərqulu xan), Əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev, Xəlil Hüseynov və başqaları oynayıb.
Xəbərdə bildirilir ki, tamaşaçıların böyük hərarətlə qarşıladıqları ilk tamaşada iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov teatrın kollektivini və müəllifi təbrik edib.