Təhsil Nazirliyindən BDU açıqlaması

-
Təhsil Nazirliyi fevralın 20-də Bakı Dövlət Universitetində keçirilən tələbələrin etirazına münasibət bildirib.

Qurumun İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, tələbələrin aksiyasına səbəb olan yaranmış vəziyyət heç də Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda əks olunan məsələlərlə bağlı deyil:

“Əsas məsələ həmin qaydaların düzgün tətbiq olunmaması ilə bağlıdır. Bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri fevralın 21-də Bakı Dövlət Universitetinin akt zalında bu qaydaların bir daha düzgün anlaşılması ilə bağlı tələbələrlə görüş keçirəcəklər. Bu görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər”.

Fevralın 20-də Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçiriblər. BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz edib.