ATƏT təmsilçisi azərbaycanlı jurnalistin Türkiyədən deportasiyası barədə

Dunja Mijatovic

-
Jurnalist Mahir Zeynalovun tənqidi yazılarına görə deportasiyası Türkiyədə media azadlığının təhlükəli durumunu göstərir. Bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović fevralın 7-də yaydığı bəyanatda bildirir.

“Zeynalov hakimiyyət üçün münasib olmayan tvitlərə görə deportasiya olunub. Söz azadlığı yalnız hakimiyyətdəkilərin münasib saydığı bəyanatlardan ibarət deyil. Bu hüququ məhdudlaşdırmaq Türkiyədə mediaya nəzarətini daha da sərtləşdirəcək,” Mijatović bildirib.

ZEYNALOV DƏRHAL BURAXILMALIDIR

Mediada yayılan xəbərlərə görə, Türkiyənin gündəlik Today’s Zaman qəzetinin jurnalisti, azərbaycanlı Zeynalovun fevralın 4-də Türkiyəyə daxil olmasına icazə verilməyib. Baş nazirin Koordinasiya Mərkəzi bəyan edib ki, Zeynalov dekabrın sonunda yaydığı tvitlərdən ikisində yanlış bəyanatlar verib. Zeynalov nifrət və düşmənçilik yaymaqda ittiham olunur. Jurnalist təkidlə bildirir ki, yalnız xəbərlərin linklərini tvitlərində yayıb, hər hansı fikir, yaxud tənqid bildirməyib.

“Zeynalovun deportasiyası və böhtana görə ittihamlar onun hərəkətlərinə uyğun sanksiyalar deyil. Ümid edirəm ki, Zeynalov dərhal buraxılacaq və ona qarşı ittihamlar ləğv olunacaq,” Mijatović deyib.