Macarıstanın nümayəndə heyəti Azərbaycandadır

-
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandadır. Bu Barədə “AzərTAc” məlumat yayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə, yanvarın 28-də Azərbaycan və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcəkdir.

Məlumata görə, Bakıda Azərbaycan-Macarıstan biznes forumu da təşkil ediləcək. Biznes forumda rəsmi şəxslərlə yanaşı, tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, əczaçılıq, turizm, maliyyə, alternativ enerji, daşınmaz əmlak, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Peter Siyarton bundan əvvəl, 2012-ci ilin dekabrında Azərbaycanda səfərdə olub.