Mike Hancock öz partiyasından qovuldu

Mike Hancock

-
Millət vəkili Mike Hancock-un «nalayiq seksual davranışı» barədə yeni iddialardan sonra Britaniyanın hakim koalisiyasına daxil olan Liberal Demokrat Partiyası onu sıralarından xaric edib.

Xüsusi hesabatda bildirilir ki, cənab Hancock «müdafiəsiz qadın seçiciyə qarşı cinsi təcavüz» edib.

Portsmut dairəsindən seçilmiş Mike Hancock ötən ilin iyununda partiyasının parlamentdəki fraksiyasının rəhbəri vəzifəsindən istefa vermişdi. O vaxt bildirmişdi ki, seksual təcavüz iddialarının əsassız olduğunu isbat etmək üçün ona daha çox vaxt lazımdır.

ÇOXDAN QOVULMALI İDİ

Baş nazirin müavini - libdem Nick Clegg qibtəedilməz vəziyyətdə qalıb. Belə ki, onun partiyasının keçmiş icraçı katibi lord Rennard-a qarşı da bir neçə qadın tərəfindən cinsi qısnama iddiaları qaldırılıb.

Qəzetlər cənab Clegg-i Hancock-a qarşı indiyədək tədbir görməməkdə ittiham edən yazılar dərc edir.

Hökumət Mike Hancock barədə hesabatı yaymaqdan və sənədi müzakirə etməkdən boyun qaçırırdı. Lakin indi iş artıq Ali Məhkəməyə təqdim olunub.

Bundan sonra Nigel Pascoe-nin hazırladığı hesabatın tam mətni internetə sızdırılıb.
Liberal Demokrat Partiyası bildirib ki, rüsvayçı hesabatı ilk dəfədir ki, görüb. Lakin sənəddəki iddialarla tanış olduqdan sonra cənab Hancock dərhal partiya sıralarından xaric edilib.

19 ildir ki, millət vəkili olan Hancock iddiaları rədd edir. Onun nümayəndəsi bildirib ki, iddialara 2010-cu ildə polis tərəfindən baxılıb, lakin heç bir qanunsuzluq aşkar edilməyib.

Nümayəndə deyib ki, cənab Hancock hesabatı hazırlayan Pascoe-nun suallarına cavab verməkdən imtina edib və buna görə də sənədin birtərəfli olduğuna inanır.

HANCOCK-UN GƏLƏCƏYİ

Mike Hancock Azərbaycan hakimiyyətinin dostlarından sayılır.

O, Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisində müşahidəçi olmuş və seçkilərdə heç bir pozuntuya yol verilmədiyini elan etmişdi.

Bundan əvvəl isə britaniyalı millət vəkili Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Bakıya pulsuz səfər etmişdi. Bir neçə başqa millət vəkilinin da olduğu həmin səfərin xərclərini Cəmiyyət çəkmişdi.

Partiyadan qovulması Hancock-u qarşıdakı parlament seçkilərində mürəkkəb vəziyyətə sala bilər. Belə ki o, ya seçkiyə qatılmayacaq, ya da müstəqil namizəd kimi çıxış edəcək.

Lakin qəzetlər yazır ki, iş məhkəməyə gedib çıxarsa, cənab Hancock-a siyasi mübarizə ümumiyyətlə gərək olmaya da bilər.