Yanvarın 17-də Pərviz Həşimlinin vəkili Elçin Sadıqovun vəsatətinə baxılacaq

-
Yanvarın 17-də Səbail rayon məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəkil Elçin Sadıqovun vəsatətinə baxılacaq.

Vəkil Elçin Sadqovun Bizimyol.info saytına bildirdiyinə görə, vəsatətə hakim Aytən Əliyevanın icaatında baxılacaq.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.