Vüqar Həşimovun cənazəsi Bakıya gətirilib

Vüqar Həşimovla vida mərasimi

-
Şahmatçı Vüqar Həşimovun cənazəsi Bakıya gətirilib. Mərhumla vida mərasimi yanvarın 14-ü Respublika Şahmat Mərkəzində keçirilir. Vida mərasimindən sonra o II Fəxri Xiyabanda dəfn olunacaq.

Şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov yanvarın 11-də müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib. O, başındakı bəd xassəli şişdən əziyyət çəkirdi.

Prezident İlham Əliyev Həşimovlar ailəsinə başsağlığı verib.

Bu barədə prezident.az saytı məlumat yayıb. Prezident İlham Əliyev bu xəbərdən kədərləndiyini bildirib:

“Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.

Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.

Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq”.