Üç güllə - qədərə yenilən

Əli Şirin Şükürlü

-

Əli Şirin Şükürlü


üç güllə - qədərə yenilən


bir, iki, üç:
tapançadan ardıcıl açılan üç güllə - qədərə yenilən.
son günlər tez-tez xatırlayıram bu hadisəni. ardınca
ikisi də düşür yadıma; qədərə yenilən ümidsiz xəstəlik
və təbəssüm dolu ömür.

90-cı illərin əvvəli aspirantura dövrü;
o, uzun, arıq, qarayanız bir oğlan idi.
bir gün gözəl bir qızla gəldi məclislərin birinə.
qız - rusdilli gözəl qız, məktəbi təzəcə bitirmişdi.
polis atası razı olmur nikaha, qız da qoşulub qaçır
bu qarayanız oğlanla.

yadıma gəlmir neçə il sonra
təsadüfən şəhərdə görüşdük aspirant yoldaşımla.
xeyli dəyişmişdi; bir qədər sınıx dəydi gözümə.
ayaqüstü söhbətdə mənzilində güllələndiyindən söz açdı
mənə; tapançadan üç güllə atıblar – üçünü də başına.
təfsilata varmadım hadisədən kədərlənsəm də.
“şükür, hər şey geridə qalıb” – təskinlik verdim ona.
sonra başqasından eşitdim ki,
elə o gözəl qızın polis atası güllələyib oğlanı mənzilində.
qızla düz demirmiş oğlan, deyəsən.

belə.
məhz bu hadisəni
tez-tez xatırlayırdım son günlər nədənsə.
qədərə yenilən üç tapança gülləsi – özü də düz başa tuşlanan.

amma
bir qohumum vardı – zarafatcıl.
bu yaxınlarda öldü qəflətən
danışıb gülə-gülə.
qədərə yenildi təbəssüm dolu bir ömür.

biri də var. çox yaxşı adamdır.
neçə ildi yaşayır
ümidsiz xəstəliyə düçar olsa da.
qədərə yenilir ümidsiz xəstəlik göz görəsi.

güllə səsinə bənzər səs eşitdim
üzü dənizə gəzərkən küçədə o gün.
diksinib, ətrafa boylandım.
iki adam gəlirdi qarşıdan danışıb gülə-gülə.
iki dəfə də təkrarlandı o səs. oldu üç səs – güllə səsinə bənzər.
o iki nəfər eyninə almadan heç nəyi
gülə-gülə ötüb keçdi yanımdan.
üç tale qarşılaşdı bir anın içində dəniz görünən küçədə.
küçənin o başında
əlində fişəng bir neçə uşağın sevinc dolu səs-küyü
qarışmışdı bir-birinə.

“göydən üç alma düşdü” - düşdü yadıma.
gülümsədim mən də.

08.01.2014