Bir ailənin 3 üzvü yol qəzasında həlak olub

-
Lənkəran rayonunda baş vermiş yol-nəqliyyat qəzasında bir ailənin 3 üzvü həlak olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 5-də saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi “VAZ-2103” markalı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi “Volvo” markalı, ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib.

Nəticədə “VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinləri - həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüblər. İlkin versiya kimi hadisəyə “VAZ-2103” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulayaraq “Volvo”nun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.