C.Ashton və Š.Füle Anar Məmmədlinin həbsi ilə bağlı birgə bəyanat yayıb

Catherine Ashton və Štefan Füle

-
Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti komissarı Štefan Füle dekabrın 20-də yaydıqları birgə bəyanatlarında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinin ciddi narahatlıq doğurduğu qeyd edilir:

“Xarici Siyasət üzrə yüksək səviyyəli təmsilçi və komissar vəkilinin iştirakı olmadan Anar Məmmədlinin istintaq dövrü üçün 3 aylıq müddətə azadlıqdan məhrum edilməsinə dair dekabrın 16-da çıxarılan məhkəmə qərarından çox narahatdır.

Yüksək səviyyəli təmsilçi və Füle Azərbaycan hakimiyyətini Anar Məmmədliyə qarşı ittihamların sürətli, ədalətli, şəffaf və müstəqil şəkildə, siyasi təsirlərdən kənar formadan araşdırılmasını təmin etməyə çağırırlar.”

Bəyanatda daha sonra qeyd edilir ki, Avropa Birliyi Anar Məmmədli və Azərbaycanda başqa ictimai qurumlar və fəal şəxslər əleyhinə aparılan hüquqi prosedurları yaxından izləyəcək.

Bundan əvvəl ATƏT və başqa beynəlxalq qurumlardan da Anar Məmmədlinin azadlığa buraxılmasına çağırışlar səslənib.

Anar Məmmədli


Respublika Prokurorluğu dekabrın 20-də həmin çağırışları “ölkənin daxili işlərinə müdaxilələr və prokurorluq orqanlarının fəaliyyətinə təzyiq” kimi qiymətləndirən bəyanat yayıb. Prokurorluq qeyd edib ki, Anar Məmmədliyə elan edilmiş ittiham onun siyasi fəaliyyəti ilə bağlı deyil.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri bu həftənin əvvəlində saxlanıb.

Respublika Prokurorluğu onu qanunsuz sahibkarlıq, vergidən yayınma və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Bu ittihamlarla Anar Məmmədli 8 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Anar Məmmədlinin təşkilatı Azərbaycanda keçirilən son bir neçə seçkinin, o cümlədən də son prezident seçkisinin nəticələrinin indiki prezident İlham Əliyevin xeyrinə saxtalaşdırıldığı qeyd olunan hesabat yaymışdı. İndi özü və vəkilləri ona qarşı ittihamları əsassız iddialar, siyasi motivli təqib hesab edirlər.