Türkiyə: Erdoğan-Gülen müharibəsi başlandı?

Fethullah Gülen və Recep Tayyip Erdoğan

-
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan ölkəsində aparılmış son həbsləri öz hökumətinə qarşı «çirkin əməliyyat» adlandırıb.

Reydlərin gedişində həbs edilmiş 52 nəfərin arasında üç nazir övladı var.

Korrupsiya iddiaları ilə bağlı aparılmış həbslərə rəhbərlik edən 5 polis rəisi artıq baş nazirin ofisi tərəfindən vəzifələrindən kənarlaşdırılıb.

«Biz siyasi qəsdə yol verməyəcəyik» – deyib Erdoğan.

Lakin baş nazirin müavini vəd edib ki, istintaqa əngəl törədilməyəcək. Bülent Arınç deyib ki, hökumət ədliyyənin qərarlarına qarışmaq niyyətində deyil. Bununla belə, cənab Arınç nazirlərin günahsız olduqlarına əminliyini bildirib.

Müşahidəçilər bildirirlər ki, baş nazir və onun hətta öz partiyasının bəzi üzvləri arasında fikir ixtilafı Türkiyə daxilində dramatik parçalanmanın bariz nümunəsidir.
Beynəlxalq şərhçilərin qənaətinə görə, son hadisələr baş nazir və onun AK partiyası ilə Fethullah Gülen-in ədliyyə və polis də daxil olmaqla güc nazirliklərində kök salmış tərəfdarları arasında qarşıdurmanın açıq müstəviyə keçdiyini göstərir.

Hazırda Birləşmiş Ştatların Pensilvaniya ştatında könüllü sürgündə olan Gülen vaxtilə hakim partiyanın üç seçkidə uğur qazanmasına ciddi töhfə verib. O, həmçinin Türkiyə hərbiyyəsinin siyasətdən uzaqlaşdırılması prosesində həlledici rol oynayıb.

BBC bildirir ki, hazırda baş nazirin vəziyyətini ağırlaşdıran onun öz partiyasının rəsmiləri arasında çox sayda fətullahçının olmasıdır.

Türkiyənin «Hürriyet» qəzeti yazır ki, vəzifələrindən atılmış 5 polis rəisi arasında bundan əvvəl ölkədə maliyyə və mütəşəkkil cinayətkarlıq ittihamları ilə aparılan həbslərdə rəhbər rol oynamış zabitlər də var.

Qəzet bildirir ki, polisin anti-qaçaqmalçılıq, antiterror və ictimai asayişə rəhbərlik edən rəisləri də vəzifələrindən qovulanlar arasındadırlar.

Polisdən verilən qısa bəyanatda deyilir ki, bəzi zabitlərin fəaliyyət və davranışına yenidən baxılır.

NAZİR BALALARI

Bu arada xəbər verilir ki, həbs olunanların arasında daxili ilər naziri Muammer Güler, iqtisadiyyat naziri Zafer Cağlayan və ətraf mühit naziri Erdoğan Bayraktar-ın oğulları da var.

Polis həmçinin Ankarada Türkiyənin dövlətə bağlı ən böyük banklarından biri olan «Halkbank»a və tikinti maqnatı Ali Ağaoğlu-nun ofisinə reydlər keçirib.

Xəbər verilir ki, «Halkbank»ın baş meneceri Süleyman Aslanın evindən ayaqqabı qutularında gizlədilmiş 4.5 milyon dollar pul aşkar edilib.

«Hürriyet» xəbər verir ki, həbslər üç ayrı-ayrı təhqiqat üzrə keçirilib.

Bunlardan biri artıq həbs edilmiş azərbaycanlı biznesmen Rza Zərrabi barəsindədir. Bildirilir ki, o, İrana «Halkbank» vasitəsilə pul köçürmələri edib, həmçinin Türkiyə vətəndaşlığı üçün nazirlərə rüşvət verib.

Başqa bir təhqiqata görə, ətraf mühit nazirinin oğlu Abdullah Oğuz Bayraktar atasının rəhbərlik etdiyi nazirliyin nəzarətində olan torpaqların tikinti firmalarına satılması üçün cinayətkar qrup təşkil edib.

İstanbulun Fatih bələdiyyəsinin müdiri Mustafa Demir də tikinti sahəsində korrupsiya ittihamları ilə həbs edilib.

Nüfuzlu «Time» jurnalı yazır ki, həbs edilənlərin kimliyindən asılı olmayaraq, əsas zərbənin Türkiyə hökumətinin başçısına qarşı yönəldiyini qətiyyətlə söyləmək olar.

GÖZƏGÖRÜNMƏZ ORDUNUN HÜCUMU

Jurnalın təhlilində deyilir ki, belə bir fikir yürütməyə həbslərə və reydlərə əmr komandası vermiş prokurorluq və polis zabitlərinin keçmişi əsas verir.

Recep Tayyip Erdoğan


«Time» jurnalı yazır ki, bu rəsmilərin əksəriyyətinin fətullahçı hərəkatın davamçıları olduğunu söyləməyə imkan verən məlumatlar var.

İstanbulda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun eksperti Gareth Jenkins bildirib ki, hadisələrin bütün əlamətləri hərəkətverici qüvvənin fətullahçılar olduğunu göstərir.

Hakim AK partiyanın sədr müavini Mehmet Metiner mətbuat konfransında bildirib ki, «bu, qara qüvvələrin Erdoğan-ı bitirmək cəhdidir».

Həbslərdən az sonra çıxış edən Erdoğan fətullahçıların adlarını çəkməsə də bəyan edib ki, ortalıqda xaricdəki və daxildəki «qara dairələrin və quldurların» sui-qəsdi var.
O öz çıxışında «tələlər», «hədələr», «çirkin üsullar» və «çirkin ittifaqlar» kimi söz və ifadələr işlədib.

«Time» bildirir ki, Fethullah Gülen-in hərəkatı ilə Erdoğan arasında qarşıdurma dini liderin baş nazirin bir sıra siyasətlərindən narazılığına görə yaranıb. Bunlar - baş nazirin təhlükəsizlik xidmətlərinə böyük səlahiyyətlər verməsi, onun Gezi Parkı etirazları zamanı tutduğu mövqe və hökumətin xarici siyasəti ilə bağlı məsələlərdir.
İki tərəf arasında qarşıdurma baş nazirin hökumət və dövlət strukturlarında kök atmış dinçi qruplaşmaların təmizlənməsinə dair verdiyi gizli direktevin ictimailəşməsindən sonra başlanıb.

Bu direktivin «Taraf» qəzetinə hökumətdəki fətullahçı agentlər tərəfindən sızdırıldığı güman edilir.

GÜLEN-IN «SON DOST XƏBƏRDARLIĞI»

Jenkins deyir ki, həbslər fətullahçıların əks-həmləsi kimi qiymətləndirilə bilər.
«Onlar Erdoğan-ı yerində oturtmaq və öz məktəblərinin bağlanması təşəbbüsünü dayandırmaq istəyirlər. Çünki bu məktəblər onların mövcudluğu və genişlənmələri üçün əsas vasitədir» – deyir Jenkins.

«Time» jurnalının məqaləsində deyilir ki, Gülen hərəkatı bir sıra aparıcı davamçılarının dili ilə Türkiyədə baş verən son hadisələrdəki rolunu danmağa çalışır.

Məsələn, Gülen-in məşhur yazarlarından Hüseyin Gülerce öz tweet hesabında bildirib ki, «bu, bir dövlət əməliyyatıdır».Hərçənd, o, sonradan bu qeydlərini hesabından silib.
Bununla belə, Gülerce öz qeydlərində oxucuları üçün bunun tam əksini düşünməyə imkan verən eyhamlar vurub və hətta xəfif hədələr işlədib.

General İlker Basbuğ və Recep Tayyip Erdoğan - 2010

Gülerce bildirir ki, AK partiyasının bir sıra tanınmış üzvləri «hökumətin hazırlıq məktəbləri üzərinə düşüncəsiz hücumuna görə partiyanı tərk edirlər».

«AKP buna bir dost xəbərdarlığı kimi baxmalıdır», - yazır Gülerce. «Ola bilsin ki, son xəbərdarlıq kimi» …

«Time» yazır ki, Fethullah Gülen-in özü də vəkili vasitəsilə Türkiyədəki həbslərlə hər hansı bağlılığını inkar edib.

MÜTTƏFİQSİZ ERDOĞAN

Bu arada Türkiyə müxalifəti baş verənləri ölkə tarixinin ən böyük qalmaqalı adlandırır və baş nazirin istefasını tələb edir.

«Lakin bu, Erdoğan-ın qəbul edəcəyi variant deyil» - yazır «Time».

Məqalədə qeyd olunur ki, indiyədək həmişə hökumətini «aydan arı, sudan duru» kimi təqdim edən Erdoğan-a pulqutularını görüntüləyən polis videolarını ictimaiyyətin yaddaşından silmək asan olmayacaq.

Lakin «Financial Times» qəzetinin məqaləsində bildirilir ki, bu görüntülərə inanmayanlar da var.

Bundan əvvəlki «Ergenekon» qalmaqalında həbs edilmiş şəxslərin yaxınları iddia edirlər ki, bu cür polis videoları qurma və ya saxtadır.

Amma çətin ki, Erdoğan bu iddialardan da faydalana bilsin. «Ergenekon» həbslərində polisi dəstəkləyən baş nazir, indi həmin polisin hərəkətlərini pisləmək məcburiyyətində qalıb.

Türkiyə tarixinin belə anlarında meydana çıxan ordunu isə Erdoğan-ın özü siyasi baxımdan tərksilah edib. Nə qədər kinayəli səslənsə də, Fethullah Gülen-in köməyi ilə.

Beynəlxalq mətbuatın icmalını Zülfüqar Rüfətoğlu hazırlayıb.