İmran Qasımovun xatirə gecəsi keçirilib

İmran Qasımov, Əkrəm Əylisli və Fəttah Heydərov

-
“Film Azərbaycan mədəniyyəti tarixində İmran Qasımovun da daxil olduğu bütöv bir mərhələni təcəssüm etdirir”
Bu sözləri dekabrın 19-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tanınmış Azərbaycan yazıçısı, dramaturqu, ssenaristi, Xalq yazıçısı İmran Qasımovun xatirə gecəsində rejissor Ziya Şıxlinski səsləndirib.
Onun sözlərinə görə, İmran Qasımov hr zaman anılmağa layiq bir insan olub: “İmran Qasımov çox parlaq şəxsiyyətdir. O, insanlara təmənnasız olaraq çox yaxşılıqlar etmişdir, odur ki, bu işə məmnuniyyətlə başladım”.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yubiley gecəsində rejissor Ziya Şıxlinskinin yazıçıya həsr olunmuş “Onun böyük ürəyi” sənədli filmi göstərilib.
Film İ.Qasımovun 80 illiyi münasibəti ilə 2009-cu ildə “Yaddaş” kinostudiyasında çəkilib. Ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Adil Abbasovdur.
Filmdə onu yaxından tanıyan insanların –Çingiz Aytmatovun, Georgi Markovun, Tahir Salahovun, Oljas Süleymenovun, bəstəkar Xəyyam Mirzəzadənin xatirələri verilib.
Bəstəkar X.Mirzəzadə İmran Qasımovun “Bizim küçə”, “Əsl dost” filmlərinə, habelə Rus Dram Teatrında hazırlanmış bir çox tamaşalarına musiqi yazıb.
“Onun böyük ürəyi” sənədli filminə İmran Qasımovun ssenariləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilib. Burada yazıçı özü yaradıcılığı haqqında söhbət açır, həyat barədə fikirlərini bölüşür.
Xatırladaq ki, İmran Qasımov əfsanəvi “Uzaq sahillərdə”, “Abşeron ritmləri”, “Süvenir”, “Onun böyük ürəyi” filmlərinin ssenari müəllifidir.
Anım gecəsinin sonunda İmran Qasımovun nəvəsi, Xalq artisti Murad Adıgözəlzadə ailəsi adından gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.