Urmiya zindanında dörd nəfər edam edilib

-
Urmiya zindanında qətl ittihamı ilə mühakimə edilmiş dörd nəfər edam edilib.

Xəbəri Amerikanın Səsi İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən yayıb.

Agentliyin yazdığına görə, edamlar bir həftə öncə həyata keçirilsə də, İranın məhkəmə orqanları bu günə qədər mövzu ilə bağlı hər hansı məlumat nəşr etməyib.

Urmiyanın mərkəzi zindanında qətl ittihamı ilə əlaqədar edama məhkum olmuş təxminən 170 məhbusun saxlanıldığı bildirilir.

İnsan haqları təşkilatlarının nəşr etdiyi hesabata görə, Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən edam hökmlərinin sayı kəskin artıb.

Həmin müddətdə əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə əlaqədar olmaqla, İranın Azərbaycan şəhərlərində 100 nəfərdən artıq məhbusun edam edildiyi bildirilir.