Çingiz Aytmatovun yubileyi Bakıda da qeyd ediləcək

Çingiz Aytmatov

-
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə böyük söz ustadının həyat və yaradıcılığı, Azərbaycanda çap edilən əsərləri barədə geniş məlumat veriləcək.

Qırğız yazıçısı Çingiz Aytmatov (1928-2008) dünya ədəbiyyatının klassiklərindən sayılır.
O, «İlk müəllim», «Gün var əsrə bərabər», «Darağacı», «Əlvida, Gülsarı» və s. məşhur romanların müəllifidir.

Yazıçı Sovetlər dönəmində 3 dəfə Dövlət Mükafatına və dünyanın saysız ədəbiyyat mükafatlarına layiq görülüb.

Çingiz Aytmatov 2008-ci ildə 80 yaşında Almaniyanın Nüremberq şəhərində yerləşən klinikada vəfat edib.

Yazıçının əsərləri 170-dən çox dildə 60 milyondan çox tirajla çap olunub.

2012-ci ildən Çingiz Aytmatovun doğulduğu gün—12 dekabr Qırğızıstanda «Yazıçılar günü» kimi qeyd olunur.