Sürüşdürülən binanın sakinləri narazıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Bakıda bir müddət əvvəl sürüşdürülən binanın sakinləri mənzillərinin yaşamaq üçün yararsız olduğunu deyirlər. Şikayətçilərin AzadlıqRadiosuna bildirdiyinə görə, dekabrın 1-dən onlara kirayəpulu verilmir və həmin binadakı mənzillərə köçmək təklif olunur.

KİRƏPULUNU DA VERMİRLƏR

Binada yaşayan 32 ailə çarəsiz qaldığını deyir. Sakinlər dekabrın 6-da Nazirlər Kabineti rəsmisinin qəbulunda olublar. Bina sakini İradə Baxışova:

«Bəzi mənzillər bərbad haldadır, ancaq bizə deyirlər ayın 1-dən köçün. Bu, mümkün deyil – uşaq var, qoca var. Bloklar pis gündədir, yaşamalı deyil. Deyirlər «vəsait yoxdur, kirəpulunu da verə bilmirik, təmiri də özünüz edin». Qapı-qapı gəzirik. İcra hakimiyyətində də olmuşuq. Deyirlər «Nə var ki, böyük problem yoxdur, köçün yaşayın, həyətinizə asfalt da çəkmişik». Bizə əziyyət verirlər».

«BLOKDAN SƏMA GÖRÜNÜR»

Sakinlər prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə bildirilir ki, Bakı İcra Hakimiyyəti və onun nəzdində olan şəhər departamentinin məmurları bilavasitə dövlət tərəfindən onlara tapşırılmış iş və vəzifələrini düzgün yerinə yetirmək istəmir və bacarmırlar:

«Binamızda dövlət büdcəsindən ayrılan vəsaitin hesabına bərpa işləri davam etməkdədir. M.Füzuli və R.Rza küçələrinə və həyətə çıxan sökülmüş qapılar, pəncərələr, bloklar bərpa və təmir olunmayıb, kommunikasiya xətləri tam qoşulmayıb. R.Rza küçəsi bərbad vəziyyətdədir. Eyni zamanda görülən bəzi işlərin keyfiyyəti bizdə ciddi narahatlıq doğurur. Məsələn, binanın yeni dam örtükləri keyfiyyətsiz quraşdırılaraq aralı qalıb (blokdan səma görünür), sürüşdürülmə nəticəsində yaranan çatlar tam təmir olunmayıb və s.».

Füzuli küçəsindəki və çəkisi 18 min ton olan bina bu ilin aprelində Qış Bulvarının tikintisi ilə əlaqədar təxminən 10 metr sürüşdürülüb. Bina 1908-ci ildə tikilib və Bakı milyonçuları olan Hacınski qardaşlarına məxsus olub.