Facebook fəalı həbsdə qaldı

Noyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkə fəalı Əbdül Əbilov haqqında ilkin məhkəmənin verdiyi 3 aylıq həbs qərarını qüvvədə saxlayıb.

Xəbəri Media Hüququ İnstitutu yayıb.

Facebook-dakı yazılarına görə həbs edildiyi iddia edilən Əbdül Əbilov məhkəmədə bildirib ki, onun həbsi qanunsuzdur:

“Məni “facebook”-dakı yazılarıma görə həbs etdilər. Evimizdə axtarış apararkən narkotik maddəni zorla cibimə qoyub sənədləşdirdilər. Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orda mənə psixoloji təzyiq etdilər, döyüb-söydülər. Zorla mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən ərizə yazmağa məcbur etdilər”.

Media Hüququ İnstitutu xəbər verir ki, məhkəmə vəkilin arqumentlərini yetərli saymayaraq Əbdül Əbilovu həbsdə saxlayıb.

Əbdül Əbilov ictimaiyyətə məktub göndərib. Sosial şəbəkə fəalı məktubunda yazır: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm”...

Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi isə onun Facebook-dakı fəallığına görə həbs olunduğunu deyir.

O, Facebook-da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.