Rəşad Ramazanova 9 il iş verilib

-
Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindar bloqçu, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Rəşad Ramazanovun mühakiməsi başa çatıb. Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Məlumatı “Media forum”a vəkil Azər Nağıyev verib.

Rəşad Ramazanov məhkəmədə qısa son söz deyib, qeyd edib ki, onu şərləyiblər.

Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir.

1982-ci ildə Masallı rayonunda anadan olan Rəşad Ramazanov BDU-nun coğrafiya fakültəsini bitirib. Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.