«Koroğlu aşığı»nın - Aşıq İmran Həsənovun 85 illiyi qeyd olunacaq

Aşıq İmran Həsənov

-
Noyabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (AAB) Əməkdar Mədəniyyət İşçisi, klassik aşıq yaradıcılığının mahir bilicisi, ustad aşıq İmran Həsənovun anadan olmasının 85 illiyi qeyd olunacaq.

AAB-dən verilən məlumata görə, tədbirdə görkəmli ədəbiyyat və elm adamları, İmran Həsənovun sənət dostları və yetirmələri ustadla bağlı xatirələrini söyləyəcək, aşığın şeirləri səsləndiriləcək.

Tədbirdə aşığın yubileyi ərəfəsində nəşr olunmuş “Sənətimin sultanıyam” şeirlər kitabının təqdimatı da keçiriləcək.

Dövrünün adlı-sanlı aşıqlarından sayılan aşıq İmran (1928-1999) Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində doğulub.

Gənclikdə aşıqlığın sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənib.

1950-ci ildən Tovuza köçüb, ustad aşıqlar - Aşıq Əsəd və Aşıq Mirzədən dərs alıb.
Zil səsinə görə ona "Koroglu aşığı" deyərmişlər.

Aşıq İmran 7 aşıq havasının yaradıcısı, 2 şerlər kitabının müəllifidir.

O, 12 aşıga ustadlıq edib, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri olub.
Aşıq İmran Bakıda və Moskvada keçirilmiş müsabiqələrin və festivalların qızıl medalını qazanıb.