Məcnun Kərimov vəfat etdi

Məcnun Kərimov

-
“Qədim musiqi alətləri” Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimov vəfat edib.
M. Kərimovun qohumu Adil Kərimovun APA-ya verdiyi məlumata görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən M. Kərimov oktyabrın 2-də saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib.
M. Kərimovla vida mərasimi bu gün saat 12.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasında keçiriləcək. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunacaq.
Məcnun Təbriz oğlu Kərimov 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində doğulub.
1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib.
1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.
1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.
1996-cı ildə «Qədim musiqi alətləri» Dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.
1998-ci ildən Bakı Musiqi Akademiyası «Xalq çalğı alətləri» kafedrasının dosenti idi.