Jurnalistlər Pərviz Həşimlinin azad olunmasını tələb edir

Pərviz Həşimli


Sentyabrın 25-də 53 jurnalist Pərviz Həşimli ilə bağlı imzaladığı bəyanat veriblər. Bəyanatda Pərviz Həşimlinin həbsinin hakimiyyət nümayəndələrini daim tənqid edən yazıları ilə bağlı olduğu qeyd olunur. Hakimiyyətdən jurnalistin azad edilməsi tələb edilir.

“Biz jurnalistlər Azərbaycan hakimiyyətindən seçki öncəsi jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Pərviz Həşimlini dərhal azad etməyi tələb edirik. Beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırırıq” deyə bəyanatda bildirilir.

Pərviz Həşimli Təvəkkül Qurbanovla birgə sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Pərviz Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir. Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəridir.

.