Azərbaycanla Rusiya arasında yeni körpü tikiləcək

-
Azərbaycanla Rusiya arasında yeni körpünün tikilməsindən sonra nəqliyyat vasitələri ilə bağlı yaranan problemlər aradan qaldırılacaq.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə DGK sərhəddə mövcud problemlərin aradan qaldırılması üçün Rusiya ilə mütəmadi olaraq danışıqlar aparır.
Aydın Əliyev bildirib ki, sözügedən körpüdən ardıcıl nəqliyyat vasitələrinin keçmək imkanları zəifdir:

“Misal üçün, meyvə-tərəvəz dövründə nəqliyyat vasitələrinin Samur gömrük-keçid məntəqəsində Azərbaycandan Rusiyaya keçməsində müəyyən növbələr yaranır. Bununla yanaşı, avqust aylarının yeni dərs ili mövsümündə də yüngül minik avtomobillərin Rusiyaya keçməsində müəyyən problemlər olur. Bu cür problemlərin aradan qaldırılması üçün Rusiya və bəzən Gürcüstan tərəfi ilə də danışıqlar aparırıq”.


Aydın Əliyev Azərbaycanla Rusiya arasında yeni körpünün tikintisinə dair qərarın olduğunu xatırladıb:

“DGK-da strategiya elə müəyyən olunub ki, sərhədyanı gömrük idarələri müqabil tərəflə - İran, Rusiya, Gürcüstan, Türkiyə gömrük orqanlarının nümayəndələri ilə bu istiqamətdə vaxtaşırı olaraq görüşlər keçirir. Bu sahədə yaranan problemlərlə bağlı çıxış yolları axtarırıq”.