Bakıda Avropa Milli Kitabxanaları Konfransı keçirilir

-
Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü keçirilib. Görüş Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə təşkil edilib. APA-nın məlumatına görə, tədbirdə Fransa, Almaniya, Polşa, Estoniya, Ukrayna və s. Avropa ölkələrinin milli kitabxanalarının rəhbərləri iştirak edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də konfransda çıxış edib: “Bizim kitabxana sahəsində xüsusi proqramımız var. Bu, kitabxana işinin inkişafı ilə bağlıdır və 2008-2018-ci illəri əhatə edən dövlət proqramıdır. Biz kiçik kitabxanaların inkişafı üçün də çalışırıq. Kitabxana cəmiyyətin mayakıdır. Biz kitabxana sahəsində müasir vasitələrdən istifadə etməyə çalışırıq. Bizim qarşımızda duran əsas məsələlərdən biri gənc nəsli kitabxanalara gətirməkdir. Buna nail olsaq, deməli, kitabxana gələcək əsrlərdə də yaşayacaq. Biz gəncləri diskotekalara yox, kitabxanalara yönəltməliyik”.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov CENL-in 27-ci illik görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, kitabxana sahəsində ölkələr arasında həyata keçirilən əməkdaşlığın faydalarından danışıb.
CENL (Foundation Conference of European National Librarians)- Avropa Milli Kitabxanaçılar Cəmiyyətinin təsis Konfransıdır. Hazırda Konftansın 46 avropa ölkəsindən 49 üzvü var. CENL 1987-ci ildə 11 avropa Milli kitabxanaçılarının görüşündə təsis edilib.