Əri tənqidçi Elnarə Tofiqqızının ölümündə həkimləri suçlayır

Elnarə Tofiqqızı

-

Tibbi ekspertizanın ilkin rəyi tənqidçi Elnarə Tofiqqızının ölümündə həkimlərin günahkar olduğunu göstərir.


Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıda, “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib.

Sentyabrın 23-də “Media forum” saytının əməkdaşı mərhumun hüzr mərasimində Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevdən açıqlama alıb.

Anar Niftəliyev deyib: “Biz heç bir xəstəliyimiz olmasa da, mütəmadi həkim müayinəsindən keçirdik. Müayinələrin birində Elnarənin süd kanalının yarım santimetr yaxınlığında səpki aşkar olundu. Həkimlər bildirdilər ki, bu səpki öz-özünə çəkilib gedə də, 7-10 ildən sonra böyüyüb bədxassəli şişə çevrilə də bilər. Elnarə Milli Onkologiya Mərkəzində iki dəfə müayinədən keçəndən sonra bu diaqnoz qoyulub. Onkologiya Mərkəzində bizə cərrahi müdaxiləni məsləhət gördülər. Burada ikinci müayinə sentyabrın 12-də oldu. Ayın 13-də Elnarə Milli Onkologiya Mərkəzində əməliyyat olunmalı idi. Amma biz bu əməliyyatdan imtina etdik.

Eksperimental Xəstəxananın (Elmi Cərrahiyyə Mərkəzi) həkim-cərrahı Fərəcullah İdrisovun yanında olduq. Ailəmizə yaxın həkimdir. Dedi ki, bizə kömək edəcək, savadlı həkimlərdən birini məsləhət görəcək. Onun məsləhəti ilə əməliyyatı hərbi hospitalın həkimi Mahir Əliyevin “MediSina” Tibb Mərkəzində aparması qərara alındı. Əməliyyat günü sentyabrın 20-nə təyin edildi. Amma Elnarə yenə tərəddüd edirdi. Elə bil ürəyinə dammışdı, əməliyyat olunmaq istəmirdi.

Anar Niftəliyev


Fərəcullah evimizə gəldi. Əməliyyatın çox yüngül olacağını dedi. Qeyd elədi ki, qorxulu heç nə yoxdur, narahat olmayın, əməliyyatda assistent kimi özüm də iştirak edəcəm.

Sentyabrın 20-də Elnarə Eksperimental Xəstəxanada müayinədən keçdi. Əməliyyat üçün isə “MediSina” Tibb Mərkəzinə gəldik. Əməliyyata hazırlıq zamanı Elnarəyə narkoz vuruldu. Anestezioloqun adını indi xatırlamıram. Cavan oğlan idi. Narkozun dozası həddən artıq çox olduğuna görə əməliyyat başlamamış Elnarə komaya düşüb keçindi. Həkimlər Mahir Əliyev və Fərəcullah İdrisov həmin vaxt orada idilər”.

Anar Niftəliyev qeyd edib ki, həyat yoldaşının nəşi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertiza olunub. Ekspertizanın yekun nəticəsi bu həftənin sonu bilinəcək.

Elnarə Tofiqqızının ölümünü Nəsimi Rayon Prokurorluğu araşdırır.

Anar Niftəliyevin sözlərinə görə, Elnarə Tofiqqızının həkim səhlənkarlığı ucbatından öldüyünü hazırda mərhumun yasına gələn başqa həkimlər də deyirlər: “Onlar bildirirlər ki, nəzərdə tutulan əməliyyatı adicə keyidici dərmanla - “Novokain”lə də etmək mümkündür, narkoza heç ehtiyac da yoxdur”.

Anar Niftəliyevlə Elnarə Tofiqqızı 10 il qabaq ailə qurublar. İki qız övladları var. Böyüyü 8, kiçiyi 2 yaşdadır. Anar Niftəliyev deyir ki, böyük qızının anasının ölümündən xəbəri var.

"Media forum"