Çaykənd - köhnə və yeni kənd
Çaykənd Göy Göl rayonunun gözəl, səfalı kəndlərindən biridir. Kənd Kürəkçay boyu, çayın hər iki sahilində salınıb. Bir tərəfi meşəli dağlar, digər tərəfi isə Yeni Zod və Azad kəndləridir.
Gəncə-Göygöl yolundan keçəndə kənd çox aşağıda, dərədə olduğundan görünmür.
Çaykənd Murovdan çəkilmiş Kəlbəcər-Gəncə yolunun, Toğanadan, Göygöl, Maral göldən gələn yolun, Goranboyun Ağcakənd qəsəbəsindən Gəncəyə gələn dağ yolunun üstündə yerləşmiş strateji əhəmiyyətli kənddir.
Kənd əhalisi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan deportasiya edilmiş azərbaycanlılardır. Bundan əvvəl isə uzun illər kəndin sakinləri ermənilər olub.
Tarixi mənbələrə görə Ermənilər bu kəndə 1896-cı ildə Türkiyədən köçüblər.
Deyilənə görə Sultan Əbdülhəmidin dövründə Anadoluda yaşayan ermənilər və türklər arasında ilk ciddi qarşıdurmalar baş verən zaman Çar Rusiyasına sığınan ermənilər Gəncə ətrafında yerləşdiriliblər.
80-ci illərin sonundan başlayan xalqların deportasiyaları zamanı isə boş qalmış kəndə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar yerləşdirilib.
Çaykənd həm də Azərbaycan ən yeni tarixində "Çaykənd əməliyyatı" ilə məşhurdur.
Bu əməliyyat 1991-ci il 17 mart tarixində SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanılmasına dair referendumun keçirilməsinə razılıq verməyən Ermənistan dövlətini cəzalandırmaq üçün Azərbaycanın bəzi bölgələrində, o cümlədən keçmiç Xanlar rayonunun Çaykənd kəndində yaşayan silahlı erməni əhalinin tərksilah edilməsi ilə bağlı əməliyyat idi.
1991-ci ilin aprelin 30-da başlayıb mayın 4-də tamamlanan hərbi əməliyyata bir başa Sovetlər Birliyi rəhbərliyi nəzarət edirdi.
Əməliyyatdan sonra bu kəndin erməni əhalisi Ermənistana deportasiya edilərkən, kəndin yeni sakinləri Ermənistandan deportasiya edilmiş azərbaycanlılar oldu.
Amma kənd dağılmış vəziyyətdə o dövrdən olduğu kimi qalıb. O hadisələr haqqında bizdə təsəvvür yaradır.
Kəndin yeni sakinləri erməni evlərində deyil, özləri üçün yeni yaşayış yerləri saldılar. Və əski evlər isə içində yaşanmadığı üçün dağılmağa üz tutdu.