İlkin Rüstəmzadənin həbs müddəti daha 2 ay uzadılıb

İlkin Rüstəmzadə (Foto: Cahangir Yusif)

-
Nəsimi rayon məhkəməsi “Azad gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadənin həbs müddətini daha iki ay uzadıb.
Bu haqda AzadlıqRadiosuna İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.
Vəkil İlkin Rüstəmzadənin həbs müddətinin əsassız uzadıldığını bildirir:
“Heç bir halda həbs müddətinin uzadılmasına ehtiyac yox idi. İstintaq ikinci dəfə onun həbs müddətini uzadır. Bunun Cinayət Prosessual qanunvericiliyə uyğun olaraq işin müstəsna mürəkkəbliyi ilə bağlı olduğunu bildirir. Ancaq İlkin Rüstəmzadə ilə bağlı hər hansı istintaq hərəkəti aparılmayıb ki, işin müstəsna mürəkkəbliyi müəyyən edilsin. İttiham tərəfi bununla bağlı məhkəməyə hansısa sübut da təqdim etmədi. Yenə şahidlərin çoxluğu, işin həcmi kimi ümumi sözlərlə kifayətləndilər”.
Vəkil həbs müddətinin noyabrın 17-ə qədər uzadılması ilə bağlı apelyasiya şikayəti verəcək.
Nemət Kərimli l İlkin Rüstəmzadənin sentyabrın 10-da cərimə kamerasına salındığını, müdafiə tərəfinin müdaxiləsindən sonra sabahı gün çıxarıldığını da bildirib.
İlkin Rüstəmzadə mayın 17-də də həbs olunub. Xuliqanlıqda ittiham olunur.
Özü isə həbsinin sosial şəbəkələrdə tənqidi fikirləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International İlkin Rüstəmzadəni vicdan məhbusu kimi tanıyır.